Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "2008-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında S Ə R Ə N C A M I
Naxçıvan Muxtar Respublikasının dinamik sosial-iqtisadi inkişafını, cəmiyyətin bütün sahələrində baş verən dəyişiklikləri əks etdirən statistik göstəricilər sisteminin müasir standartlar səviyyəsinə çatdırılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. "2008-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Dövlət Proqramının həyata keçirilməsinə rəhbərlik və tədbirlərin icrası zamanı müvafiq təşkilatlarla işlərin əlaqələndirilməsi Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məlumat versin.
4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, növbəti illərdə muxtar respublikanın dövlət büdcəsinin layihələri tərtib edilərkən bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan vəsaitin ayrılmasını təmin etsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Vasif TALIBOV Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri